Prezidentə məktublar gəlməyə davam edir | YENİLƏNİB

   Prezidentə məktublar gəlməyə davam edir |  YENİLƏNİB
  19 Dekabr 2025    Oxunub:1260
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdədir.
AzVision.az məktubların mətnini diqqətə çatdırır:

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Hansı ölkədə yaşamalarından asılı olmayaraq bütün azərbaycanlılar Sizinlə fəxr edirlər. Sizin qürur mənbəyi olan uzaqgörən siyasətiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır. Azərbaycan dövlətinin güclənməsini böyük fəxarət və sevinc hissi ilə izləyirik.

Sizin qətiyyətli rəhbərliyinizlə beş il əvvəl Azərbaycan tarixində yeni bir mərhələ başlandı və torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın yaddaşına əbədi olaraq şanlı Zəfər kimi həkk olundu. Ötən illər ərzində həmin Qələbənin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi və insanların öz doğma yurdlarına qaytarılması Sizin yorulmaz fəaliyyətiniz sayəsində reallığa çevrilmişdir.

Ölkəmizin suverenliyinin bərpası, inkişaf edərək möhkəmlənməsi istiqamətində həyata keçirdiyiniz uğurlu siyasətə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz, Yaponiyada yaşayan azərbaycanlılar hər zaman doğma Vətənimizin inkişafına və Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təşviqinə öz töhfəmizi verməyə hazırıq. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqdır.

Fürsətdən istifadə edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizə təbriklərimizi çatdırır, xalqımızın müdrik lideri kimi dərin ehtiramımızı bildiririk.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli fəaliyyətinizdə yeni uğurlar, zəfərlər arzulayırıq.

Yaşasın Azərbaycan!".


* * *

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

“Konstitusiya və Suverenlik İli” olan 2025-ci il mühüm təşəbbüslər və nailiyyətlərlə yadda qalır. Sizin uzaqgörən siyasətiniz, strateji addımlarınız sayəsində Azərbaycan bu gün dünyada öz mövqeyini daha da möhkəmləndirir, milli maraqlarını ardıcıl şəkildə müdafiə edir, güclü və sülhsevər bir dövlət kimi beynəlxalq ictimaiyyətin hörmətini qazanır.

Bu il həm də Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə əlamətdar oldu və bu, Azərbaycan tarixində yeni bir fəsil açdı. Bu mühüm tarixə həsr olunmuş tədbirlər, regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində səyləriniz, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, keçirilən beynəlxalq görüşlər və azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən genişmiqyaslı tədbirlər - bütün bunlar tarixi Qələbənin məntiqi davamıdır.

Xaricdəki Azərbaycan diasporuna göstərilən diqqəti xüsusi qeyd etmək istəyirəm. Yeni həftəsonu məktəblərinin yaradılması gənc nəslin Azərbaycan dilini öyrənməsinə, mədəniyyəti ilə tanış olmasına, eyni zamanda birgə mədəni layihələrin həyata keçirilməsi digər xalqların Azərbaycanın mədəni irsinin zənginliyinin şahidi olmasına imkan yaradır.

Cənab Prezident, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Göstərdiyiniz diqqət və qayğıya, həyata keçirdiyiniz uğurlu siyasətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. 2026-cı ilin bütün Azərbaycan üçün daha da uğurlu olmasını arzulayıram".


* * *

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli” olan 2025-ci il də uğurlarla və qürur mənbəyi olan hadisələrlə zəngin keçdi. Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü inamla deməsi, milli maraqların ardıcıl şəkildə müdafiəsi və ölkənin dünya tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul olunması məhz Sizin siyasi iradəniz nəticəsində reallaşmışdır.

Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu bu il Azərbaycan xalqının yaddaşına bir sıra mühüm uğurlarla həkk olundu. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, müxtəlif ölkələrin dövlət başçıları ilə keçirilən mühüm görüşlər, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı üçün atılan addımlar və s. bu uğurlara nümunədir.

Diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri də xüsusi qeyd etmək istərdik. Belə ki, xarici ölkələrdə yaradılan yeni həftəsonu məktəbləri gənclərimizin milli ruhda yetişdirilməsində mühüm rol oynamışdır. Diaspor nümayəndələri və digər qurumlarla birlikdə təşkil olunan mədəni proqramlar və digər tədbirlər müxtəlif xalqların Azərbaycan mədəniyyəti və reallıqları barədə daha dolğun məlumat əldə etməsinə şərait yaratmış, ölkəyə marağı artmışdır. Bütün bunlar məhz Sizin xaricdə yaşayan həmvətənlərlə bağlı siyasətinizin bəhrələridir.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-ci ilin də zəfər, sülh, nailiyyət, firavanlıq ili kimi yadda qalmasını diləyirik".


* * *

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından:

"Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin regional və qlobal proseslərdə aparıcı mövqeyə sahib olması istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlərə görə Sizə ən yüksək ehtiramımızı bildiririk. Sizin müdrik siyasətiniz, uğurlu fəaliyyətiniz bu gün milyonlarla azərbaycanlı üçün qürur mənbəyidir.

Bu il biz Qarabağ Zəfərinin 5 illiyini böyük fərəh hissi ilə qeyd etik.
Beş il öncə Azərbaycanın müasir tarixində yeni bir dövr başlanmış, Sizin qətiyyətli rəhbərliyiniz, Müzəffər Ali Baş Komandan kimi müstəsna siyasi iradəniz və Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Zəfəri həm xalqımızın milli iradəsinin, həm də dövlətimizin gücünün parlaq təcəssümüdür. Bu zəfər dünya azərbaycanlıları üçün iftixar mənbəyinə çevrilmiş, Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl siyasi, diplomatik və hərbi strategiya sayəsində təkcə işğala son qoyulmadı, eyni zamanda bölgədə dayanıqlı inkişaf, sülh və təhlükəsizliyə yeni baxış formalaşdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri məhz Sizin müdrik rəhbərliyinizin nəticəsidir.

Cənab Prezident, Sizi, eyni zamanda, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik etməkdən şərəf duyuruq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu bayramı Sizin həyata keçirdiyiniz uğurlu diaspor siyasətinin nəticəsi kimi daha böyük birlik, həmrəylik və milli özünüdərk ruhu ilə qeyd edirlər. Biz - Ərəb ölkələrində yaşayan azərbaycanlılar olaraq hər zaman Vətənə bağlılıqla fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin təbliği, dövlətimizin maraqlarının müdafiəsi və milli birliyin gücləndirilməsi istiqamətində səylərimizi davam etdiririk.

2026-cı ilin Sizin rəhbərliyinizlə Azərbaycan üçün daha böyük nailiyyətlər, zəngin inkişaf perspektivləri və dayanıqlı tərəqqi ili olacağına əminliyimizi ifadə edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".


* * *
13:50
Rusiyanın "Komsomolskaya pravda" media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan:

"Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Ən səmimi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və bütün arzularınızın asanlıqla reallaşmasını diləyirəm.

“Komsomolskaya pravda”nın bu xüsusi yubiley ilində Sizə dostluğunuza görə səmimi-qəlbdən təşəkkür edirəm".


* * *

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan:

"ABŞ-nin Yuta ştatında yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Biz, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar Sizin xarici siyasətinizin uğurlarını, milli dəyərlərə söykənən inkişaf strategiyanızı, rəhbərliyinizlə həyata keçirilən islahatları, dövlətimizin keçdiyi inkişaf yolunu böyük qürurla izləyirik. Azərbaycan bu gün dünyada güclü və etibarlı dövlət kimi tanınır. Vətənimizin nailiyyətləri bizi çox sevindirir.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beş illiyini qeyd etdiyimiz şanlı Zəfər qətiyyətinizin, uzaqgörənliyinizin və milli maraqlara möhkəm bağlılığınızın nəticəsidir. Azərbaycan xalqının uzun illər həsrətində olduğu torpaqlar azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Zəfər Günü yalnız hərbi qələbəmiz deyil, həm də milli birliyimizin, xalq-dövlət həmrəyliyinin parlaq təcəssümüdür.
Bu möhtəşəm günün yaratdığı tarixi qüruru yaşayırıq və bu qürurun memarı kimi Sizin liderliyinizi alqışlayırıq.

Son illər Azərbaycan ilə Yuta ştatı arasında formalaşmağa başlayan əlaqələr bizi xüsusilə sevindirir. İqtisadiyyat, təhsil, mədəniyyət sahələrində yaranan bu yeni əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inanırıq.

Cənab Prezident, Sizin prinsipial mövqeyiniz, Qarabağın yenidən qurulması istiqamətində gördüyünüz işlər və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bizim üçün böyük motivasiya mənbəyidir. Biz, Yutada yaşayan azərbaycanlılar daim Vətənimizin yanındayıq.

Doğma Azərbaycanımızın gələcək inkişafı yolunda Sizə yeni-yeni nailiyyətlər arzulayırıq. Qoy ölkəmiz daim güclü və qüdrətli, xalqımızın birliyi və bütövlüyü əbədi olsun!".


* * *

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan:

"Sizi doğum gününüz münasibətilə ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik edirəm. Sizin sayənizdə Azərbaycan bu gün dünyada öz sözünü qətiyyətlə deyən, haqqını qoruyan, xalqını birləşdirən bir dövlət kimi tanınır və ucalır. Biz harada yaşamağımızdan asılı olmayaraq bu ucalığın bir parçası olmaqdan qürur duyuruq.

Sizin rəhbərliyinizlə Azərbaycan son beş ildə tarixinin ən parlaq səhifələrindən birini yazdı. Beş il əvvəl qazandığımız Zəfər təkcə hərbi qələbə deyil, həm də uzun illər boyu ürəklərdə yaşayan haqq-ədalətə qovuşma arzusunun reallığa çevrilməsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi isə həmin Zəfərin mənəvi davamı, dövlətimizin əzmkarlığının və iradəsinin daha bir göstəricisidir. Sanki Zəfərdən doğan işıq bu dəfə dövlətçilik sütunlarımızı daha da möhkəmləndirir, suverenliyimizin səsi hər bir azərbaycanlının qəlbində yenidən ucalır. Biz bu ili yalnız təqvimdə yox, ruhumuzda, yaddaşımızda, dövlətçilik sevgimizdə qeyd edirik. Dünyanın müxtəlif guşələrində yaşayan biz azərbaycanlılar Vətənlə aramızdakı məsafələrə baxmayaraq, Sizin qətiyyətli siyasətinizlə güc tapırıq. Hər çıxışınız, hər addımınız bizim üçün ruh yüksəkliyi, ilham mənbəyi olur. Biz Sizi dəstəkləməklə təkcə bir liderə yox, həm də Vətənimizin əzəmətinə, gücünə, gələcəyinə inamımızı ifadə edirik.

Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, 2026-cı ildə Sizə və ölkəmizə daha böyük zəfərlər, xalqımıza firavanlıq arzu edirik".


* * *

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından:

"Sizi dərin hörmət və ehtiramla salamlayır, doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının daha da inkişafı üçün fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin
5-ci ildönümünü böyük iftixar hissi ilə qeyd etdik. Sizin uzaqgörən siyasətiniz, əzminiz, qətiyyətiniz və xalqın milli birliyi bu möhtəşəm Zəfərin reallaşmasında mühüm rol oynamışdır. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu Qələbə müdrik rəhbərliyinizin parlaq təcəssümüdür.

Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı il münasibətilə də səmimi-qəlbdən təbrik edir, xalqın həmrəyliyinin, milli birliyinin daha da möhkəmlənməsini, ölkənin davamlı şəkildə böyük nailiyyətlər, zəfərlər qazanmasını arzu edirik".


AzVision.az


Teqlər: Prezident   məktub  



Xəbər lenti